Xocalı şəhidinin həyat yoldaşı: Onlar Vətənimiz üçün həyatlarını qurban veriblər VİDEO
Bakı, 26 fevral, AZƏRTAC
Həyat yoldaşım Mübariz Şahmurov Xocalı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. O və onun kimi yüzlərlə igid Vətən torpağı üçün canından keçib. Onlar öz həyatlarını qurban veriblər ki, bu Vətən yaşasın, bu bayraq daim ucalarda dalğalansın.
Bunu AZƏRTAC-a müsahibəsində şəhid Mübariz Şahmurovun həyat yoldaşı Dilşad Şahmurova deyib.
“Şəhidimizin qalıqlarının 33 ildən sonra tapılması bizim üçün təsəlli oldu. İllərlə gözlədik, ümidimizi itirmədik. Buna görə dövlətimizə çox təşəkkür edirəm”, - deyə o bildirib.
Dilşad Şahmurova torpaqlarımızın işğaldan azad olunması xəbərini eşidən zaman keçirdiyi hissləri sözlə ifadə edə bilmədiyini də vurğulayıb: “Xəbəri eşidəndə həm ağladım, həm sevindim, həm qürur duydum. Şəhidlərimizin qanının yerdə qalmadığını görmək ən böyük təsəllidir. Sağ olsun Prezidentimiz, sağ olsun Ordumuz. Bu Qələbə bizim üçün illərin nisgilinə verilən cavab oldu. Bu gün buraya gənclərin, xüsusilə məktəblilərin axın-axın gəldiyini görəndə anlayıram ki, şəhidlərimiz unudulmur. Bu, bizi bir az da gücləndirir. Qələbəyə qədər buraya daha ağır və nisgilli hisslərlə gəlirdik. İndi isə ürəyimizdə bir təsəlli var”.