Sorağı dünyanı gəzən Şəki ipəyi bir əsrin astanasında - “Xan sarayı” kolleksiyası təqdim edilib VİDEO
Şəki, 15 may, AZƏRTAC
Azərbaycan dizaynerlərini, lokal brendləri, moda və tekstil sənayesinin, həmçinin Azərbaycan Tekstil Assosiasiyası (ATA) və “Handicraft Azerbaijan” platformasının nümayəndələrinin Şəki şəhərində yerləşən milli ipək müəssisəsi “Azəripək”lə tanışlıq səfəri həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın aparıcı dizaynerlərini və tekstil brendlərini təmsil edən 40-dan artıq qonaq iştirak edib.
İştirakçılar müəssisənin tam istehsal prosesi - ipək ipliyi, parçalar, hazır məhsullar və ənənəvi kəlağayı istehsalı ilə yaxından tanış olublar.
“Azəripək” ASC-nin sədrinin müşaviri Fəridə Axundova bildirib ki, bu il Şəkidə ipək istehsalına başlanmasının 100 ili tamam olur. Elə bu məqsədlə müəssisə tərəfindən Şəki Xan Sarayı mövzusuna həsr olunmuş yeni unikal məhsul seriyasının təqdimatı təşkil edilib. Fəridə Axundovanın sözlərinə görə son 100 il ərzində ilk dəfə olaraq bu konsepsiyada xüsusi kolleksiya hazırlanıb.
Eyni zamanda, “Azəripək” rəhbərliyi tərəfindən müəssisənin yeni şourumunun İçərişəhər ərazisində açılacağı elan edilib. Bu addım milli ipək irsinin müasir şəhər və turizm mühiti ilə inteqrasiyası baxımından mühüm mərhələ kimi qiymətləndirilir.
Məqsəd yerli dizaynerlər, tekstil istehsalçıları və kreativ sənaye nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın tekstil və ipək sənayesinin imkanlarının tanıdılması, “Made in Azerbaijan” brendinin təşviqi, eləcə də milli istehsalın moda və interyer sahələrinə inteqrasiyası üçün yeni platformaların formalaşdırılmasıdır.
Səfər çərçivəsində iştirakçılar “Azəripək” müəssisəsinin istehsal potensialı, məhsul çeşidləri və gələcək əməkdaşlıq imkanları ilə yaxından tanış olublar.
Müxbir - Rasim İslamoğlu