UN-Habitat-ın icraçı direktoru: Şəhərlərimiz təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan hökumətinin təşəbbüskarlığı və öhdəliyi şəhərsalma, ətraf mühit və iqlim fəaliyyəti ilə bağlı ən mühüm qlobal müzakirələrin kəsişmə nöqtəsində dayanır. Azərbaycan COP29, Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyası və Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qlobal tədbirlərə ev sahibliyi edir, daha sonra isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının mandatı altında Bakı İqlim Həftəsini qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirə videomüraciətində deyib.
"WUF13 zamanı Bakı Davamlılıq Koalisiyası COP sədrlərini və BMT-nin Məskunlaşma Proqramını bir araya gətirərək, Azərbaycan hökumətinin qlobal gündəmləri birləşdirməyə nə qədər ciddi yanaşdığını nümayiş etdirərək şəhər və iqlim gündəmlərini birləşdirən və Paris Sazişi ilə Yeni Şəhərsalma Proqramı arasında uyğunluğu gücləndirən inteqrasiyalı yanaşmanın irəliləyişinə əsas platforma yaradıb. WUF13 çərçivəsində qəbul edilən Bakı Fəaliyyətə Çağırış sənədi bizə xatırladır ki, şəhərlərimiz həyatı təmin edən təbii sistemlərlə ahəngdar şəkildə inkişaf etməlidir və Ümumdünya Ətraf Mühit Gününün mövzusu ilə ayaqlaşır: “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.”. Bakı Fəaliyyətə Çağırış sənədi davamlı şəhər inkişafının təməl daşı kimi mənzilin rolunu vurğulayır və hamı üçün inklüziv, əlverişli və iqlimədavamlı mənzillərə qətiyyətlə keçidi tələb edir. O, təbiətə əsaslanan həllər, ekosistemlərin bərpası, daha yaşıl şəhər məkanlarının layihələndirilməsi və dayanıqlılığın gücləndirilməsi üçün yenilənmiş öhdəliklərə çağırır ki, insan məskənləri nəinki ətraf mühitə təsirini azaltsın, həm də cəmiyyətin davamlılığını fəal şəkildə inkişaf etdirsin. Şəhər inkişafını təbiətin müdrikliyi ilə uyğunlaşdırmaqla, biz gələcək nəsillər üçün davamlı və ümidli gələcəyi təmin edə, şəhərlərimizi iqlim fəaliyyətinin və əhatəli rifahın mühərriklərinə çevirə bilərik", - deyə o vurğulayıb.