Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO
Şuşa, 13 iyun, AZƏRTAC
Türk dövlətləri rəqabət qurumları olaraq, ölkələrimizin və türk cəmiyyətlərinin daha da çiçəklənməsini, iqtisadi cəhətdən inkişaf etməsini və gələcəyə inamlı addımlarla irəliləməsini təmin etmək üçün çox çalışırıq və fərdi olaraq mübarizə aparırıq. Bununla belə, səylərimizi birləşdirərək, bir-birimizdən güc alaraq irəliləməyimiz son dərəcə vacibdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşada jurnalistlərə müsahibəsində Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin Rəqabət Forumunda iştirak edən Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle deyib.
B.Küle bildirib ki, türk dövlətləri son illərdə çox əhəmiyyətli iqtisadi inkişaf nümayiş etdirirlər: “Bu inkişaf təmin olunarkən və davam edərkən, rəqabət hüququnun bütün coğrafiyada, iqtisadiyyatın bütün sahələrində tətbiq edilməsi son dərəcə əhəmiyyətlidir”.
“Cəmiyyətlərimizin davamlı inkişafının təmin edilməsi və sosial rifahın artırılması üçün birlikdə çalışırıq. Bu fəaliyyətlərdən birini də bu gün həyata keçiririk. Mühüm qərarlar qəbul edəcək, birgə işimizi müzakirə edəcəyik. Fəaliyyətlərimiz fasiləsiz şəkildə davam edəcək” – deyə Türkiyə Rəqabət Qurumunun rəhbəri bildirib.
Müxbir – Tahir Ağaməmmədov