Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO
Şuşa, 15 iyun, AZƏRTAC
Türkmənistanın səfiri kimi Qarabağa qonaqlarımızla birlikdə dəfələrlə səfər etmişəm. Hər dəfə burada aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri ilə yaxından tanış olmuşam. Deyə bilərəm ki, Qarabağda həqiqətən də çox böyük işlər görülüb. Bu, qardaş Azərbaycanın iqtisadi inkişafının, dövlət siyasətinin uğurla həyata keçirilməsinin əyani göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.
O bildirib ki, Türkmənistan və Azərbaycan xalqlarının dinc və firavan həyatının təmin olunması istiqamətində əldə edilən nailiyyətlər xüsusi əhəmiyyət daşıyır.
"Ölkələrimiz arasında nəqliyyat, logistika, neft və qaz sahələri ikitərəfli əməkdaşlığın mühüm istiqamətləri kimi dinamik inkişaf etməkdədir. Xüsusilə nəqliyyat və logistika sahələri tərəfdaşlığımızın əhəmiyyətli hissəsini təşkil edir", - deyə səfir vurğulayıb.