Fərid Qayıbov: Bakıda mühüm qərarlar qəbul edildi VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyasının Tərəflərinin Konfransı iki ildən bir keçirilir. Konfransda dünyanın müxtəlif ölkələrinin anti-dopinq təşkilatlarının nümayəndələri və idman nazirləri iştirak edirlər. Bu konfransa hazırlıq məqsədilə UNESCO-da xüsusi Büro fəaliyyət göstərir və onun tərkibi seçkilər yolu ilə müəyyənləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Bakıda UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində İdmanda Dopinqin Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üçüncü rəsmi iclası ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
“Onuncu Konfrans üçün isə ölkəmiz Büroya sədrlik etmək hüququ qazanıb. Bu, artıq ikinci iclasımızdır. Birinci iclas UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirilmişdi. Bildiyiniz kimi, ölkəmiz və paytaxtımız beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu səbəbdən də qərara gəldik ki, Büronun növbəti iclası məhz Bakıda keçirilsin. Burada Təsdiq Komitəsinin və digər komitələrin üzvləri iştirak edirlər, bəzi nümayəndələr isə iclasa onlayn qoşulublar. İki gün davam edən iclaslarımız çox konstruktiv keçdi. Müzakirələr məhsuldar oldu və sonda mühüm qərarlar qəbul edildi”, - deyə nazir əlavə edib.