Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
“Laylay” layihəsi nəsilləri bir-birinə bağlayan əbədi bir körpüdür. Laylanın qədim ənənələrimizdən, tariximizdən süzülüb gəldiyini ifadə etmək üçün Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalara mahnını milli geyimlərdə ifa etdilər. "Laylay" klipindəki bütün atributlarda milli-mədəni dəyərlərimiz əksini tapıb, çəkilişlər isə Şəkinin tarixi məkanlarında aparılıb. Bununla da laylanın tariximizdən gələn qədim adət olduğunu göstərmək istədik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “ARB Günəş” televiziyasının direktoru, "Laylay" layihəsinin baş prodüseri Məhsim Məhsimov deyib.
"Layla bizim tariximizdir. Bizdən əvvəlki nəsillər də layla ilə böyüyüb, biz də layla ilə böyümüşük. Biz təmin etməliyik ki, bizdən sonrakı nəsillər də laylanı bilsinlər, onunla böyüsünlər və bu ənənəni öz övladlarına, gələcək nəsillərə ötürsünlər. Milli adət-ənənələrimizi yaşatmaq borcumuzdur. Çünki nağıllar, laylalar, bayatılar bizi biz edən, milli kimliyimizi yaşadan keçmişimizdir. Bu dəyərləri qorumaq və gələcəyə çatdırmaq vacibdir", — deyə o qeyd edib.
M.Məhsimov layihənin beynəlxalq festivallarda da təqdim edilməsinin nəzərdə tutulduğunu bildirib: "Türkmənistanla birgə hazırladığımız ortaq layihəmiz var. Həmin bu laylanı ilk olaraq türksoylu ölkələrdə, daha sonra isə müxtəlif beynəlxalq festivallarda təqdim etməyə çalışacağıq. Bu, eyni zamanda milli adət-ənənələrimizin və tariximizin beynəlxalq səviyyədə təbliğinə xidmət edəcək".