Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Aqrar Süni İntellekt layihəsi çərçivəsində nəzərdə tutulan 33 həllin 13-ü artıq istismara verilib, 11-i sınaq və inteqrasiya mərhələsindədir, 7-si hazırlanır, 2-si üzrə isə işlərə başlanılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti, aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında deyib.
O bildirib ki, hazırda istismarda olan həllər bitki sağlamlığı, bitki uyğunluğu, suvarmanın idarə edilməsi, dinamik iqlim xəritəsi və fermer reytinqi proqramlarını əhatə edir.
“Bu həllər kənd təsərrüfatında risklərin əvvəlcədən qiymətləndirilməsinə, aqrotexniki tədbirlərin daha düzgün planlaşdırılmasına və idarəetmə qərarlarının məlumatlar əsasında qəbuluna imkan yaradır. 2026-cı ilin sonunadək bütün 33 həllin ilkin işlək versiyalarının hazırlanması hədəflənir”, - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, növbəti mərhələdə həllərin sınaqdan keçirilməsi, müvafiq informasiya sistemlərinə inteqrasiyası və istifadəsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.
Videooperator – Ələkbər Baxşiyev