REGİONLAR
Qobustanda ümumi məhsul buraxılışı 16,2 faiz artıb
Qobustan, 22 iyul, Adil Ağayev, AZƏRTAC
Qobustan rayonunda cari ilin ilk 6 ayında iqtisadiyyatın ayrı-ayrı sahələrinin, xüsusilə bitkiçilik və heyvandarlığın dinamik inkişafı istiqamətində mühüm işlər görülüb. Bu müddətdə geniş tikinti-quruculuq işləri aparılıb, sosial məsələlərin həlli baxımından ardıcıl tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözlər iyulun 22-də Qobustanda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.
Məruzə və çıxışlarda vurğulanıb ki, yarım ildə rayonda ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz artıb. Qeyd olunub ki, kənd təsərrüfatı rayonu olan Qobustanda taxıl zəmilərindən 50 min tondan çox məhsul götürülüb. Bu da rayon üçün böyük göstəricidir. Taxıl istehsalı adambaşına 1100 kiloqramdan çox olub. Rayonda kənd təsərrüfatının inkişaf etmiş sahələrindən olan heyvandarlıqda da nəticələr uğurludur. Belə ki, 6 ayda keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 4,8 faiz, yun istehsalı isə 1,3 faiz artıb.
Rayonda tikinti-quruculuq, abadlıq işləri uğurla davam etdirilir. Qobustan şəhərində 100 yerlik uşaq bağçasının inşası davam edir, daha bir 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisinə başlanılıb. Rayonda ən böyük ümumtəhsil məktəblərindən olan 680 şagird yerlik 1 saylı şəhər məktəbinin əsaslı təmiri yekunlaşmaq üzrədir. Qarşıdakı dərs ilində məktəb müəllim və şagirdlərin istifadəsinə veriləcək. Heydər Əliyev parkında əsaslı təmir davam etdirilir, parka su xətti çəkilir. Qobustan şəhərində 2 Qarabağ əlili və 1 şəhid ailəsi üçün fərdi yaşayış evi inşa olunur.
Məruzə və çıxışlarda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı, yolların təmiri ilə əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən də ətraflı danışılıb.