REGİONLAR
Qobustanda rayon müəllimlərinin konfransı keçirilib
Qobustan, 12 sentyabr, AZƏRTAC
Qobustanda rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər Mərkəzində keçirilən konfransda 2014-2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
Rayon təhsil şöbəsinin müdiri Füzuli Gülalıyevin məruzəsində, eləcə də çıxışlarda respublikamızda həyata keçirilən təhsil islahatlarından, ölkəmizin hər yerində, o cümlədən Qobustanda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olunub. Bildirilib ki, şagirdlərin müasir tələblərə cavab verən məktəblərdə təhsil almaları üçün Qobustanda da yeni məktəb binaları tikilib, bir sıra təhsil ocaqları əsaslı təmir edilib.
Məruzə və çıxışlarda qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlər ətraflı müzakirə edilib.
Konfransda vurğulanıb ki, bu il ali məktəblərə qəbul imtahanları zamanı Qobustan rayonu üzrə məzunlardan 101 nəfəri ali məktəblərə qəbul olunub. Üç nəfər 600-dən, dörd nəfər 550-dən, yeddi nəfər isə 500-dən çox bal toplayıb.
Konfransda rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov və təhsil nazirinin müavini Firidun Qurbanov çıxış ediblər. Çıxışlarda 2014-2015-ci tədris ilində əldə olunan uğurlar və çatışmazlıqlar barədə ətraflı danışılıb, qarşıda duran konkret vəzifələrdən bəhs olunub.
Sonda cari ildə ali məktəblərə qəbul imtahanlarında 550-600-dən yuxarı bal toplayan 7 məzuna rayon təhsil şöbəsinin fəxri fərmanı və qiymətli hədiyyələri verilib.