REGİONLAR
Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyinin qalibləri məlum olub
Qəbələ, 4 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika yarışlarının zona birinciliyi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən tədbirdə əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallar sahəsində hazırlıq səviyyəsinin artırılması, onlarda şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin inkişaf etdirilməsi, eləcə də hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğ edilməsidir.
Dövlət himni səsləndirildikdən sonra komandaların tribuna önündən təntənəli şəkildə keçidi olub və yarışa start verilib. Yarışlarda Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ümumtəhsil məktəblərinin komandaları güclərini sınayıblar. Yarış yanğın estafeti, gənc ekspertlər və komandaların təqdimatı müsabiqələri üzrə keçirilib.
Gərgin mübarizə şəraitində keçən yarışda İsmayıllı rayonu N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin komandası I, Qəbələ rayonu T.Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin komandası II, Qax şəhər 3 nömrəli məktəbin komandası isə III yerə layiq görülüb. Sonda komandalar diplom və fəxri fərmanlarla təltif ediliblər.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışlarının final mərhələsində iştirak etmək hüququ qazanıb.