9 saylı Binəqədi ikinci seçki dairəsinin məntəqələrində seçicilər yüksək fəallıq göstərirlər
Bakı, 11 aprel, AZƏRTAC
9 saylı Binəqədi ikinci seçki dairəsində səsverməyə gələn vətəndaşlar öz iradələrini sərbəst şəkildə ifadə edirlər. Məntəqələrdə vətəndaşların rahat və demokratik qaydada səs vermələri üçün hər cür şərait yaradılıb.
Dairə seçki komissiyasının sədri Həsən Bayramov AZƏRTAC-a bildirib ki, səhər saat 8-dən qanunvericiliyin tələbinə uyğun olaraq, məntəqələr açılıb və fəaliyyətə başlayıb. Məntəqələrin açılışında beynəlxalq və yerli müşahidəçilər də iştirak ediblər. 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 37 daimi və 1 müvəqqəti seçki məntəqəsi var. On məntəqədə veb-kamera quraşdırılıb. Məntəqələr zəruri avadanlıqla təmin edilib, səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmçinin bütün məntəqələrdə panduslar quraşdırılıb. Dairədə ilk dəfə 1326, o cümlədən 1999-cu il təvəllüdlü 1099, 2000-ci il təvəllüdlü 227 nəfər səs verəcək. Seçicilərdən birinin 101 yaşı var. Seçicilərin 49,12 faizi kişilər, 50,88 faizi qadınlardır.
Səhər saatlarından etibarən məntəqələrdə fəallıq müşahidə olunur, səsvermənin bütün prosedurlarına riayət edilir. İndiyədək dairəyə hər hansı qanun pozuntusu ilə əlaqədar müraciət daxil olmayıb.
7 saylı seçki məntəqəsinin sədri Sevda Məmmədovanın verdiyi məlumata görə, səsvermə prosesində seçicilərin fəallığı müşahidə olunur. Burada seçki prosedurlarına əməl olunur. Seçicilərə bülleten verilməzdən əvvəl sol əlin baş barmağının üstü xüsusi cihazla yoxlanılır. Əgər barmaqda mürəkkəb yoxdursa, seçiciyə səsvermə bülleteni təqdim olunur və məntəqəyə daxil olmasına icazə verilir. Bütün bunları müşahidəçilər izləyirlər.