Akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr edilən elmi sessiya
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli elmi sessiyanın Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il 11 fevral tarixli Sərəncamının icrasından irəli gələn tədbirlər çərçivəsində təşkil olunduğunu bildirib. Qeyd edib ki, bu Sərəncam dövlətimiz tərəfindən ədəbiyyatşünaslığımızın inkişafına göstərilən böyük diqqət və qayğıya bariz nümunədir.
İsa Həbibbəyli görkəmli alimin dilimizin, ədəbiyyat tariximizin, folklorşünaslığımızın inkişafında mühüm rolunu xüsusi vurğulayaraq deyib ki, Həmid Araslı 1939-cu ildə “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə böyük xidmət göstərib. Alimin irsində klassik ədəbiyyat məsələləri, folklorşünaslıq, mətnşünaslıq, Şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatlar xüsusi yer tutur. Azərbaycan elmi ictimaiyyəti Həmid Araslını klassik Azərbaycan ədəbiyyatı sahəsində böyük elmi məktəb yaratmış görkəmli alim kimi tanıyır və onun irsinə ehtiramla yanaşır. Orta əsrlər Azərbaycan ədəbiyyatının bir sıra naməlum sənətkarlarının yaradıcılığı məhz Həmid Araslının axtarışları nəticəsində üzə çıxıb.
AMEA-nın vitse-prezidenti alimin yarım əsrlik tədqiqatçılıq və ədəbiyyatşünaslıq fəaliyyəti dövründə Azərbaycan şifahi xalq ədəbiyyatına dair araşdırmalar apardığını, xalqımızın ölməz abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk tədqiqatçısı kimi tanındığını söyləyib. Qeyd olunub ki, Həmid Araslı böyük Azərbaycan şairləri - Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və başqaları barədə sanballı araşdırmaları ilə ədəbiyyatşünaslıq elmimizi zənginləşdirib. İmadəddin Nəsiminin əsərlərinin ən mükəmməl çapı Həmid Araslının tərtibatında nəşr edilmiş seçilmiş əsərləri hesab olunur.
Bildirilib ki, məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər uğurlu şəkildə əlaqələndirən alim ölkənin mədəni-ictimai həyatında da yaxından iştirak edib. AMEA sistemində onun fəaliyyəti bir çox qurumları əhatə edir.
İsa Həbibbəyli görkəmli alimin “XIII-XV əsrlər Azərbaycan ədəbiyyatı” mövzusunda namizədlik, “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyalarının ədəbiyyatşünaslıq elminin sanballı, ümumiləşdirilmiş tədqiqatları kimi yüksək qiymətə malik olduğunu vurğulayıb.
Sonra akademik Möhsün Nağısoylu, filologiya üzrə elmlər doktoru Paşa Kərimov çıxış edərək, Həmid Araslını görkəmli və ədəbiyyatşünas və mətnşünas alim kimi səciyyələndirib, onun bütün əsərlərinin gənc ədəbiyyatşünaslar üçün etibarlı mənbə olduğunu qeyd ediblər.
Tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Böyük folklorşünas alim”, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “Görkəmli ədəbiyyat tarixçisi”, filologiya elmləri doktoru Fəridə Əzizova “Həmid Araslı və klassik ədəbiyyat problemləri” və filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Həmid Araslı və türk-müsəlman dünyası ədəbiyyatı” mövzularında məruzələri dinlənilib.