ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda “Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Bədəviliyin sosio-psixoloji analizi” mövzusunda seminar keçirilib.

Aİİ-dən AZƏRTAC-a bildiriblər ki, institutun rektoru Ceyhun Məmmədov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, din sahəsinə, milli mənəvi dəyərlərimizin qorunmasına xüsusi önəm verildiyini qeyd edib. Rektor Azərbaycan Respublikasının Birinci vitse–prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun da bu istiqamətdə böyük işlər gördüyünü, dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu vurğulayıb. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının bu qayğı və diqqətin təzahürü olduğu bildirilib.

Rəhbərlik etdiyi ali məktəbdə silsilə maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdıran rektor bugünkü mövzunun elmi baxımdan əhəmiyyətini qeyd edib, tarixən köçəri mədəniyyətin nümayəndələri ilə oturaq mədəniyyətə mənsub xalqların baxışları arasında ciddi fərqlərin olduğunu vurğulayıb. Belə ki, oturaq mədəniyyətdə yüksək mücərrədləşmə qabiliyyəti tələb edən elmlərin daha çox inkişaf etdiyini, köçəri mədəniyyətdə isə mücərrədlik tələb etməyən tarix kimi elmlərin önə çıxdığını görmək olar. Hər iki mədəniyyətin daşıyıcılarının din daxil olmaqla, müxtəlif anlayışlara yanaşma tərzlərinin də fərqli olduğunu qeyd edən C.Məmmədov məşhur İslam tarixçisi və mütəfəkkiri İbn Xəldunun “Əl-İbər” əsərinə yazdığı müqəddimədə bu mövzuya geniş toxunduğunu bildirib.

Daha sonra seminarın məruzəçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov “bədəvi” sözünün tarixi kökü və mənası haqqında ətraflı məlumat verib. Məruzəçi nitqində İbn Xəldunun bədəviliyi daha geniş mənada araşdırdığını, köçəri və kəndli qruplarına böldüyünü vurğulayıb. Həmçinin daima bir yerdə həyat sürən kəndlilər və köçəri tayfaların hamısının bədəvi sinfini təşkil etdiyi bildirilib.

V.Səmədov digər bir mütəfəkkir Cavad Əlinin bədəviləri iki qrupa - “dəvahi bədəvilər və səhra bədəvilər”ə ayırdığını da seminar iştirakçılarının diqqətinə çatdırıb. O, mütəfəkkirin fikrinə əsasən, dəvahi bədəvilərin daha mülayim, anlayışlı, səhra bədəvilərinin isə kobud, sərt təbiətli olduqlarını qeyd edib. İbn Xəldunun isə bədəvilərin əxlaqını təriflədiyini, qapalı qəbilə toplumlarından sayılan bədəvilərin cəsur, igid, qorxmaz, mərd olduqlarını bildirib.

Məruzəçi İslamın meydana gəldiyi ilk dövrlərdə Ərəbistan yarımadasında yaşayan qəbilələrin çoxluğunun məhz bədəvilərdən ibarət olduğunu, onların əsas xarakterinin qarşı çıxmaq, üsyan etmək, qəzəblənmək və döyüşkənlik kimi xüsusiyyətlərlə seçildiyini qeyd edib. Ümumiyyətlə, bədəvilərin əxlaqi keyfiyyətlərinin müsbət və mənfi olmaqla iki qrupa bölündüyünü, müsbət əxlaqi keyfiyyətlərinin azadlığa meyil, comərdlik, cəsarət, məzluma sahibçıxma, əsas mənfi xüsusiyyətlərinin isə kobudluq olduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.