MƏDƏNİYYƏT


“Bir Xəzər əfsanəsi” baletinin premyerası olub

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Bir Xəzər əfsanəsi” baletinin premyerası olub.

AZƏRTAC xəbər verir ki, libretto müəllifi bəstəkar Lalə Cəfərova olan baletin quruluşçu baletmeysteri Azərbaycanın Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” milli mükafatları laureatı, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Səhnə əsərini dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edib.

Əsas rollarda balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, gənc solistlər Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov çıxış ediblər.

İki pərdə və beş şəkildən ibarət baletdə ideya, onun həlli və tamaşaçını sürətlə dəyişən emosional vəziyyətlərə salan quruluş xətti diqqətəlayiqdir. Tamaşada ideya, dolğun məzmun və obrazların dərin emosional-psixoloji ifadəsi hakim idi.

Qeyd edək ki, Lalə Cəfərova Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllimdir. Bir simfoniya, fortepiano və simfonik orkestr üçün iki konsert, simfonik süitalar, kamera, instrumental və caz əsərlərinin, mahnı və marşların müəllifi olan bəstəkar, eyni zamanda, bədii-sənədli filmlərə musiqi yazıb. Əsərləri Azərbaycan Dövlət Akademik Filarmoniyasında simfonik orkestr və xorun ifasında dəfələrlə səslənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.