REGİONLAR


Bölgələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənlikləri keçirilib

Kürdəmir, 29 dekabr, AZƏRTAC 

Kürdəmirdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi təntənəli şəkildə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Ağali Kərimli kürdəmirliləri əlamətdar bayramlar münasibətilə təbrik edib. Bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzünün, daxili çəkişmələrin yaratdığı problemlər, ölkəmizin düçar olduğu dərin böhran şəraitində yenidən hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev xalqı bir araya gətirmək, xaricdə Azərbaycan diasporunu formalaşdırmaq və təşkilatlandırmaq üçün fəal iş aparıb və məqsədinə nail olub. Bakıda dünya azərbaycanlılarının birinci, daha sonra ikinci qurultaylarının çağırılması, 2007-ci ildə Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunun keçirilməsi mühüm hadisələrdir.

Ağali Kərimli, eləcə də digər çıxış edənlər vurğulayıblar ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan diasporu daha da güclənib.

Tədbirdə rayon incəsənət ustalarının ifasında geniş konsert verilib, Şaxta baba və Qar qız balacalara bayram hədiyyələri paylayıb.

X X X

Ulu Öndər Heydər Əliyevin gərgin səyi nəticəsində yaranan, formalaşan və təşkilatlanan Azərbaycan diasporu bu gün dünyanın hər yerində ölkəmizin maraqlarını qoruyur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Qobustan şəhərindəki Gənclər Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən təntənəli yığıncaqda səsləndirilib.

Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir məqsəd - azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən, bunun üçün ümummilli lider Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi uğurlu dövlət siyasətindən, gördüyü işlərdən danışıb.

Bayram şənliyində Şaxta baba və Qar qız qobustanlılara Yeni il arzularını çatdırıb, uşaqlara bayram hədiyyələri paylayıblar. Rayon musiqiçilərinin ifasında səsləndirilən rəngarəng konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.

X X X

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi İsmayıllıda da qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, şair Musa Yaqub, hüquq elmləri üzrə fəlsəfə doktoru Simran Həsənov, qiraətçi Pünhan İsmayıllı, Əməkdar Müəllim Şəfaqət Rəsulov ismayıllılıları təbrik edib, ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində yaranan, formalaşan və təşkilatlanan Azərbaycan diasporunun fəaliyyətindən danışıblar.

Musiqili-əyləncəli proqramda müğənnilərin, Şaxta baba və Qar qızın çıxışları, rəqslər alqışlarla qarşılanıb.

Bayram tədbirində 2017-ci ildə fərqlənən bir qrup rayon sakininə fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

X X X

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Ağsu rayonunda təntənəli surətdə qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderimizin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzovun çıxışında, başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyevanın “Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir” adlı məruzəsində qeyd olunub ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları – soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları Vətənimizin daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi bir gündür. Əlbəttə, həmrəylik gününün dövlət bayramı statusunu alması, dünya azərbaycanlıları birliyinin bugünkü səviyyəyə çatması çox da asan olmayıb. Bunun üçün dahi şəxsiyyət, böyük dövlət xadimi ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.

Sonra ilin ən yaxşı müəllimi, məktəbi, şagirdi, məşqçi-müəllimi və nümayəndəsi nominasiyaları üzrə fərqlənənlərə rayon icra hakimiyyətinin fəxri fərmanı və mükafatları verilib.

Bayram tədbiri parkda, açıq havada rəngarəng konsert proqramı ilə davam etdirilib. Yolka ətrafında balacalar və məktəblilər şənlik ediblər. Şaxta baba və Qar qız şənliyə xoş əhval-ruhiyyə qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.