ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunda Xocəsən gölünün su balansına dair müzakirələr aparılıb
Bakı, 21 dekabr, AZƏRTAC
Abşeron yarımadasının qərb hissəsində yerləşən Xocəsən gölü Abşeron göllərinin bərpası planı çərçivəsində təmizlənməsi nəzərdə tutulan əsas göllərdən biridir. Bu plana əsasən, Xocəsən gölü təmizlənəcək, ətraf ərazilərdə isə mədəniyyət və istirahət yerləri yaradılacaq. Hazırda sürətli urbanizasiya nəticəsində göl özünün əsas təbii su mənbələrinin bir qismindən məhrum olub. Bu təbii mənbələri Xocəsən qəsəbəsindən daxil olan çirkab suları əvəz edib. Göl hövzəsinə düşən yağıntıların da böyük bir qismi bu çirkab sulara qarışır. Əgər bu çirkab suları mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşularsa, gölün səviyyəsi tədricən azala bilər. Bu isə Xocəsən gölünün axarsız gölə çevrilməsinə və tədricən şorlaşmasına səbəb olar. Buna görə də gölün səviyyəsini saxlamaq üçün göl hövzəsində sutəmizləmə qurğularının tikilməsi və təmizlənmiş suların gölə axıdılması daha məqsədəuyğun hesab olunur.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında Xəzər Universitetinin kafedra müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov çıxışında deyib.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, seminarda alim “Xocəsən gölünün su balansı” mövzusunda məruzə ilə çıxış edib. Gölün su balansını hesablayarkən mövcud iqlim məlumatlarından, çöl işlərinin nəticələrindən və hidroloji modellərdən istifadə edən tədqiqatçı müəyyənləşdirib ki, gölə tökülən çirkab sularının dayandırılması qısa müddət ərzində göl ekosistemində müsbət nəticələrə səbəb olsa da, uzunmüddətli dövr üçün mənfi nəticələr də verə bilər.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.