REGİONLAR
Dini radikalizmə qarşı mübarizədə gənclər böyük qüvvədir
Qobustan, 22 dekabr, AZƏRTAC
Bu gün Azərbaycanın uğurlarını, sürətli inkişafını istəməyən, məhz buna görə də ölkəmizdə dini radikalizm meyillərinin güclənməsində maraqlı olan qüvvələr vardır və bu qüvvələrə qarşı mübarizə prioritet məsələ kimi gündəmdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir dekabrın 22-də Qobustanda rayon icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən maarifləndirici tədbirdə söylənilib.
Cəyirli kənd A.Quliyev adına tam orta məktəbində təşkil olunan tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov və başqaları İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğinin, yeniyetmə və gəncləri dini radikalizm meyillərindən çəkindirməyin, bu sahədə onları yad təsirlərdən qorumağın zəruriliyindən danışıblar. Vurğulanıb ki, əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək gəlib çıxan milli mənəvi, dini adət-ənənələrimiz yaşadılmalı, insanlara düzgün çatdırılmalıdır. Bu işdə nəinki din xadimləri, bütün cəmiyyət, xüsusən ziyalılar ciddi səy göstərməlidirlər.
Çıxışlarda dini radikalizmə qarşı mübarizədə gənclərin böyük qüvvə olduğu, bu qüvvədən düzgün, səmərəli istifadənin vacibliyi diqqətə çatdırılıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” filmi nümayiş etdirilib.