CƏMİYYƏT


Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Bakı, 22 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə xidmətin təşkili, şəxsi heyətin döyüş qabiliyyətinin və peşə hazırlığının daha da yüksəldilməsi, yanğınların qarşısının az itkilərlə alınması və operativ söndürülməsi istiqamətində Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayon Dövlət Yanğından Mühafizə hissələrinin xidməti fəaliyyəti təhlil edilib. Müşavirədə 2020-ci ilin 4 ayı ərzində əməliyyat-xidmət fəaliyyətinin nəticələri, eləcə də baş vermiş yanğınların statistik nəticə və göstəriciləri müzakirə olunaraq 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ötən dövrü ərzində yanğınların sayının artdığı bildirilib. Qeyd olunub ki, yanğınların sayının artmasına səbəb açıq sahələrdə baş vermiş yanğınlardır.

Toplantıda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov açıq sahələrdə yanğınların sayının artmasını ciddi narahatlıq doğuran hal kimi qiymətləndirərək bu sahədə müvafiq qurumlarla birgə zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Xidmət rəisi dənli və texniki bitkilərin yetişdirilməsi, tədarükü zamanı yanğından mühafizə qurumlarının üzərinə düşən vəzifələrdən də danışaraq müvafiq tapşırıqlar verib.

Tədbirdə yay fəslinin gəlməsi ilə əlaqədar meşələrdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün müvafiq qüvvə və vasitələrin hazırlıq vəziyyətinin nəzərdən keçirilməsi, nasaz yanğınsöndürmə alət və avadanlıqların vaxtında təmir edilməsi, eləcə də yeniləri ilə əvəzlənməsi, yerli icra və bələdiyyə nümayəndələri, təsərrüfat rəhbərləri ilə yanğına qarşı maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Şimal bölgəsində keçirilən müşavirədə ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq fasiləsiz fəaliyyət göstərən dövlət müəssisələrindən olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin hissə və bölmələrində bundan sonra da ehtiyat tədbirlərinin gücləndirilməsinin, bu məqsədlə xüsusi lisenziya ilə fəaliyyət göstərən ixtisaslaşmış xidmətlərlə birlikdə sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsinin, əməkdaşların daha çox təmasda olduğu ərazilərdə, o cümlədən yanğınsöndürmə növbəsi, sinif, istirahət otaqlarında, qarajda, giriş-çıxış qapılarında dezinfeksiya işlərinin davam etdirilməsinin, şəxsi heyətlə maarifləndirici söhbətlər aparılmasının vacibliyi vurğulanaraq müvafiq göstərişlər verilib.

Müşavirədə DYMX-nin şöbə rəisləri tərəfindən Dövlət Yanğından Mühafizə hissələrinin rəislərinə hissə və bölmələrdə xidmətin təşkili və peşə hazırlığı, yanğın texnikalarının istismarının təşkili və digər aidiyyəti məsələlərlə bağlı tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.