CƏMİYYƏT


“Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

Bakı, 1 avqust, AZƏRTAC

Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri olub.

İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas məqsədi Şuşada və işğaldan azad olunmuş ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etməkdir.

Layihə çərçivəsində Şuşa şəhərində infrastrukturun layihələndirilməsinin və tikinti-bərpa işlərinin monitorinqləri aparılacaq, müvafiq ərazilərin layihə-smeta sənədlərində nəzərə alınmaq üçün təkliflər hazırlanacaq, işğaldan azad olunmuş ərazilərin nümayəndələri üçün “Əlilliyin dərki”, “Universal dizayn və müyəssərlik” mövzularında seminar-təlimləri keçiriləcək. Bundan başqa Şuşa şəhərində bir otelə, tarixi abidələrə, ictimai binalara və qurumlara çıxışın müyəssərliyinin təmin olunması, ictimai istifadə üçün müyəssər kommunal sahənin (modul tipli sanitariya qovşağı və duş) hazırlanması və quraşdırılması işləri görüləcək.

Bunlarla yanaşı Şuşa şəhəri üzrə müyəssərlik xəritəsinin hazırlanması, nəşri və kütləvi-informasiya vasitələrində məlumatların yayımlanması işləri yerinə yetiriləcək.

Layihənin icrası Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.