ELM VƏ TƏHSİL
İnternetlə ədəbiyyatın əlaqələri, problemlər və onların həll yolları ətrafında fikir mübadiləsi aparılıb
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Universitetində internetin ədəbiyata təsiri və şəbəkə ədəbiyyatının müzakirəsinə həsr olunan “dəyirmi masa” təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə internet və ədəbiyyatın əlaqələri müzakirə olunub, mövcud problemlər və onların həll yolları ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova həyatın bütün sahələrinə nüfuz edən internetin ədəbiyyata da təsirsiz ötüşmədiyini söyləyib. Qeyd edilib ki, yeni texnologiya kimi ortaya çıxan internet yazıçı ilə oxucu arasındakı məsafəni aradan qaldırıb. Ədəbiyyatın kütləviləşməsi bəzi ziddiyətli məqamlar və problemlər yaradıb, “dəyirmi masa”da məhz bu problemlər müzakirə olunacaq.
Universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Asif Hacıyev şəbəkə ədəbiyyatının yaradıcılıq məsələləri və müəllif hüquqları ilə bağlı problemlərdən söz açıb. İnternetdə yaranan ədəbiyyat ilə çap ədəbiyyatının internetə yerləşdirilməsi arasında fərq olduğunu söyləyib.
A.Hacıyev Azərbaycanda özünün formalaşması dövrünü yaşayan şəbəkə ədəbiyyatı təcrübəsini Rusiya və Avropa təcrübəsi ilə müqayisə edib.
Digər çıxış edənlər internetin ədəbiyyata təsirindən, tərcümə ədəbiyyatı və müəllif hüquqları sahələrindəki problemlərdən, yazılarda rast gəlinən dil və üslub qüsurlarından söz açıblar. Qeyd edilib ki, internetin təsiri ilə ədəbiyyatda müəllif mərkəzli dünyadan oxucu mərkəzli dünyaya keçid baş verib. Kitabın təbliğatı asanlaşıb, yazıçı və kitab daha əlçatan olub. Kitab mağazaları online sistemə keçib. Yeni texnologiya nəqletmə formalarına da təsir göstərib. İnternetin təsiri ilə oxucu həm də yazıçı kimi çıxış etmək imkanı əldə edib. Müasir dövrdə elektron yazının kitabı sıradan çıxarması, ciddi ədəbiyyatın ikinci plana keçməsi, böyük kitab mağazalarının bağlanması kimi problemlər yaşanır.
Vurğulanıb ki, virtuallaşma dövrün tələbidir, forma dəyişsə də kitab insan həyatında əhəmiyyətini heç vaxt itirməyəcək.