SİYASƏT


İran mətbuatı Azərbaycan Prezidentinin IX Qlobal Bakı Forumunda çıxışına geniş yer verib

Tehran, 18 iyun, AZƏRTAC

İran mətbuatı IX Qlobal Bakı Forumunu və Prezident İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayıb.

AZƏRTAC xəbər verir ki, İranın “irib news”, “ghatren.com” saytları forumda Azərbaycan Prezidentinin çıxışı barədə videoxəbər dərc ediblər.

Materialda nəzərə çatdırılıb ki, forumda 53 ölkədən 400 nəfər iştirak edib. Forum çərçivəsində “Qlobal səhiyyənin idarə edilməsi”, Qlobal təhlükəsizlik məsələləri”, “Qlobal enerji təhlükəsizliyi”, “İnsan hüquqları, demokratiya və yeni çağırışlar”, Cənubu Qafqazda sülh məsələləri” kimi mövzular geniş müzakirə olunub.

İran mətbuatı Prezident İlham Əliyevin forumdakı çıxışına və Zəngəzur dəhlizi barədə söylədiyi fikirlərə xüsusi diqqət ayırıb. Vurğulanıb ki, Prezident İlham Əliyev regionda sülhün təmin edilməsi üçün iqtisadi əməkdaşlıq əlaqələrinin qurulmasını zəruri hesab edib.

Materialda regionda sülhün labüdlüyü ilə bağlı Azərbaycan Prezidentinin çıxışından sitat gətirilib: “Bizim Qafqazla bağlı baxışımız inteqrasiya və əməkdaşlıqdan ibarətdir və Azərbaycan bir neçə dəfə buna start verməyi, ilkin addımları atmağı təklif edib. Biz bu məsələ ilə bağlı gürcüstanlı həmkarlarımızla məsləhətləşmə aparmışıq və Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir – Gürcüstanda Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün keçirilməsi və dialoqun başlanılması. Təəssüflər olsun ki, Ermənistan bundan imtina edir. Bunun səbəbini bilmirəm və buna qaneedici izahat tapa bilmirəm. Bildiyimə görə, buna bənzər təşəbbüslər bəzi Avropa təsisatları tərəfindən də irəli sürülüb. Lakin yenə də imtina edilib. Ermənistan Cənubi Qafqazda sülh istəmirsə, istədiyi nədir? Onlar növbəti müharibə istəyirlərsə, bu, onlar üçün fəlakət olacaqdır və onlar bunu yaxşı anlayır. Hesab edirəm ki, Ermənistan hökuməti və oradakı revanşist qüvvələr aydın şəkildə dərk edirlər ki, bu, onların dövlətçiliyinin sonu olacaq”.

 
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.