ELM VƏ TƏHSİL
Şəki tarixi məscidləri “Vikipediya”nın xarici dil bölmələrində
Bakı, 24 sentyabr, AZƏRTAC
“Vikipediya”nın xarici dil bölməsində fəaliyyət göstərmək daim diqqət mərkəzində olmalıdır. Çünki xaricilər ölkəmiz haqqında istənilən informasiyanı əldə etmək üçün “Vikipediya”ya müraciət edirlər. Onlayn ensiklopediyada bu məlumatlar zəngin olmalıdır ki, ölkəmiz haqqında dolğun və etibarlı informasiya əldə etmək mümkün olsun.
Bunu AZƏRTAC-a açıqlamasında “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O bildirib ki, son bir neçə ayda “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və klubun eksperti Ayxan Zayıdzadə tərəfindən müxtəlif dillərdə məqalələrin yaradılması prosesi davam etdirilir. Belə ki, könüllülər tərəfindən onlayn ensiklopediyada müxtəlif dillərdə İmam Əli məscidi (Şəki), Ömər Əfəndi məscidi, Orucov Qardaşları Mətbəə Nəşriyyatı (ingiliscə), Səfəvilər dövlətinin böyük dövlət xadimi olmuş Mirzə Nağı Nasiri (türkcə), görkəmli serb alimi Nikola Teslanın Bakıdakı heykəli haqqında (ispan və portuqal) məqalələr yaradılıb və əsaslı redaktə olunub.
E.Eltürk bildirib ki, “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycana aid məqalələrin zənginləşdirilməsi sistemli xarakter daşıyacaq. Prosesdə tərcüməçilər və “Vikipediya” ekspertləri iştirak edirlər.
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.