Laçında Beynəlxalq Film Festivalı çərçivəsində panel müzakirə aparılıb
Laçın, 25 avqust, AZƏRTAC
Avqustun 25-də Laçında Beynəlxalq Film Festivalı (Lachin International Film Festival – LIFF) çərçivəsində panel müzakirə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, müzakirədə Azərbaycanın və Türkiyənin kino sahəsində əməkdaşlığı, birgə film layihələrinin həyata keçirilməsi, eləcə də müasir kinonun inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Paneldə çıxış edən türkiyəli rejissor Suat Köçər Azərbaycan və Türkiyə arasında müştərək film layihələrinin azlığına diqqət çəkərək deyib: “Ortaq filmimiz heç yox idi. Buna görə “Məryəm” tammetrajlı bədii filmində birləşməyə qərar verdik. Bu festivalın keçiriləcəyini biləndə çox şad oldum”.
Azərbaycanlı rejissor Elçin Musaoğlu isə festivalın kino nümayəndələri arasında yeni əlaqələrin qurulması və mövcud əməkdaşlıqların inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, belə festivallar həm sənətçilərin bir araya gəlməsi, həm də yeni layihələrin yaranması üçün mühüm imkan yaradır. Rejissor bu festivalı bayram hesab edib.
Panel zamanı, həmçinin gənc rejissorlara kino sahəsində uğurlu fəaliyyət göstərmələri üçün müxtəlif tövsiyələr verilib, yaradıcılıq axtarışları, peşəkar inkişaf və beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə danışılıb.
Müzakirə iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə davam edib.
Müxbir - Fidan Əlizadə