Sənət dostları Tofiq Bakıxanov haqqında: Onun musiqisi və zəngin irsi daim yaşayacaq
Bakı, 25 avqust, AZƏRTAC
Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanovun vəfatı Azərbaycan musiqi ictimaiyyətində dərin kədər hissi ilə qarşılanıb. Sənət dostları onun Azərbaycan musiqisinin inkişafına misilsiz töhfələr verdiyini, zəngin yaradıcılıq irsinin gələcək nəsillər üçün də mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru, Əməkdar artist Əyyub Quliyev deyib: “Tofiq Bakıxanov Qara Qarayev kimi böyük bəstəkarımızın yetişdirmələrindən, Azərbaycan musiqisinin qızıl dövrünün son nümayəndələrindən biri idi. Həqiqətən, bizim üçün ağır itkidir. Tofiq müəllim ömrünün sonuna qədər Azərbaycan musiqisinin və mədəniyyətinin inkişafı, bəstəkarlıq musiqisi ədəbiyyatının zənginləşməsi üçün çalışdı. Xəstə olmasına baxmayaraq, yaradıcılığını davam etdirir, əsərlər yazırdı”, – deyə Ə.Quliyev bildirib.
Onun sözlərinə görə, Tofiq Bakıxanovun əsərləri bu gün də musiqiçilərin repertuarında mühüm yer tutur: “Simfonik orkestr, instrumental, milli və digər alətlər üçün yazdığı əsərlərin Azərbaycan musiqisinin qızıl fonduna daxil olduğunu düşünürəm. Onun əsərləri dünyanın bir çox ölkələrində bu gün də ifa olunur. Tofiq Bakıxanovun yeri, əlbəttə, hiss olunacaq. Bizim üzərimizə düşən vəzifə onun zəngin irsini yaşatmaqdır. Musiqiçilər, dirijorlar və ifaçılar olaraq bunun üçün əlimizdən gələni edəcəyik”.
Əməkdar artist, qarmon ifaçısı Zakir Mirzəyev isə Tofiq Bakıxanovun bəstəkarlıq yaradıcılığının formalaşmasında Qara Qarayevin mühüm rolunu xatırladıb.
“Tofiq Bakıxanov gəncliyində Azərbaycan musiqi cəmiyyətinə skripka ifaçısı kimi qoşulmuşdu. Əsər yazmağa başlayanda onu böyük bəstəkarımız Qara Qarayevə göstərmişdi. Qara Qarayev əsərlə tanış olduqdan sonra Tofiq müəllimə məsləhət görmüşdü ki, onun sinfində bəstəkarlıq təhsili alsın. Tofiq müəllim dahi bəstəkarın tövsiyəsini qəbul edərək Qara Qarayevin sinfində beş il bəstəkarlıq məktəbi keçib”, – deyə Z.Mirzəyev bildirib.
O qeyd edib ki, Tofiq Bakıxanovun yaradıcılığı özündən sonra gələn gənc bəstəkarların yetişməsinə də böyük təsir göstərib. “Tofiq müəllim əsərlərində elə yenilik və gözəllik göstərmişdi ki, özündən sonra gələn gənc bəstəkarların yetişməsində onun böyük rolu oldu. Onun əsərləri dünyanın bir çox ölkələrində tanınır və səsləndirilir”, – deyə sənətçi vurğulayıb.
Z.Mirzəyev Tofiq Bakıxanovun yalnız sənətkar kimi deyil, şəxsiyyət və insan kimi də yüksək xüsusiyyətlərə malik olduğunu bildirib: “Tofiq müəllim insan, ata və dost kimi nadir keyfiyyətlərə sahib idi. O, həmişə qəlbimizdə yaşayacaq. Azərbaycan musiqi ictimaiyyəti var olduqca, Tofiq müəllimin əsərləri də yaşayacaq və onun musiqiyə verdiyi töhfələr Azərbaycan xalqının yaddaşında qalacaq”.
Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev də Tofiq Bakıxanovun Azərbaycan musiqisində mühüm yer tutan sənətkarlardan olduğunu bildirib.
“Bu gün Bakıxanovlar nəslinin görkəmli nümayəndəsi, bəstəkar Tofiq Bakıxanovu son mənzilə yola salırıq. Tofiq Bakıxanov Azərbaycan musiqisində önəmli yerə sahib sənətkardır. Uzun yaradıcılıq illərində irihəcmli əsərlərdən baletlərə, mahnılara qədər çoxsaylı yüksəkkeyfiyyətli əsərlər yaradıb və Azərbaycan xalqının sevgisini qazanıb”, – deyə C.Quliyev söyləyib.
Bəstəkar əmin olduğunu bildirib ki, Tofiq Bakıxanovun yaradıcılığı gələcək nəsillər üçün də dəyərli mənbə olacaq: “Biz musiqiçilər Tofiq müəllimə son dərəcə hörmət edirik. Əminəm ki, onun yaradıcılığı uzun illər Azərbaycan musiqi mədəniyyətinə xidmət edəcək. Yeni nəsillər onun əsərlərindən öyrənəcək, bəhrələnəcək və Tofiq Bakıxanov xalqın yaddaşında əbədi yaşayacaq”.