SİYASƏT
Sumqayıt şəhərində ağır şəraitdə yaşayan məcburi köçkün ailələri üçün yaşayış kompleksi inşa edilir
Bakı, 21 iyun, AZƏRTAC
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş və didərgin salınmış insanların taleyi, onların mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Sumqayıt şəhərində yataqxanalarda və digər obyektlərdə ağır şəraitdə yaşayan 2900 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti işləri aparılır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə birinci mərhələdə Abşeron rayonu ərazisindən Komitəyə ayrılmış 50,0 hektar torpaq sahəsində daha ağır şəraitdə yaşayan 1000 ailə üçün 7 mərtəbəli 24 binadan ibarət yaşayış kompleksi inşa edilir. Kompleksə, həmçinin 792 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, ikimərtəbəli inzibati bina (yerli icra strukturları, mənzil-istismar xidməti və s. üçün), həkim məntəqəsi, klub-icma mərkəzi və ATS binası daxildir. Burada aparılan tikinti işlərinin 2018-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.