ELM VƏ TƏHSİL
Tarixi memarlıq abidələrimiz haqqında məqalələr “Vikipediya”nın xarici dil bölmələrində
Bakı, 13 avqust, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və klubun eksperti Ayxan Zayıdzadə tərəfindən məqalələrin yaradılması prosesi davam etdirilir. Belə ki, onlayn ensiklopediyanın xarici dil bölmələrində Azərbaycanla bağlı yeni məqalələr yaradılır və redaktə olunur. Eyni zamanda, Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri, elm, təhsil, mədəniyyət və siyasət sahəsində fəaliyyət göstərmiş şəxslər haqqında müxtəlif dillərdə onlarla məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, könüllülər tərəfindən “Vikipediya”da beynəlxalq yarışlarda Azərbaycanın bayrağını dəfələrlə zirvələrə qaldıran dünya çempionu Ramal Aslanov haqqında portuqal, ispan, fransız, türk, Şəkidəki İmam Əli məscidi haqqında türk, ispan, fransız, portuqal, katalon, qırğız, özbək dillərində məqalələr yaradılaraq onlayn ensiklopediyada yerləşdirilib. “Vikipediya”da, həmçinin Mollahəsənli döyüşü, Qəni Məmmədovun evi, Yeraltı hamam (Bakı), Alman əsirləri qəbiristanlığı, Behiyyə Naxçıvani, Şəmkir minarəsi, Mirzə Əhməd məscidi, Müqəddəs əmanətlər muzeyi və türkoloq alim, professor İren Məlikova haqqında ingilis dilində məqalələr yaradılıb.
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.