REGİONLAR
Torpaqlardan məqsədli təyinata və hüquqi rejimə uyğun istifadə edilməlidir
Qobustan, 18 dekabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi Qobustanda rayon icra hakimiyyətinin dəstəyi ilə “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyə sədrlərinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi” mövzusunda növbəti işgüzar forum keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin, habelə fiziki və hüquqi şəxslərin iştirak etdikləri işgüzar forumda rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müşaviri Rafiq Süleymanov çıxış ediblər.
Çıxışlarda məsələnin aktuallığı, hər kəsin mövcud qanunları bilməsinin vacibliyi qeyd olunub.
İşgüzar forumda torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar və onların tələbləri, bu tələblərin pozulması halları və bunları yaradan səbəb və şərait barədə ətraflı danışılıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanına diqqət cəlb edilərək, torpaqlardan məqsədli təyinata və hüquqi rejimə uyğun istifadənin, onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi və aidiyyəti orqanların bu sahədə fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi bildirilib. Vurğulanıb ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin pozulması halları ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq strukturları tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında ötən dövrdə 1912 şəxs barədə inzibati protokol tərtib edilib və həmin şəxslərə 1 milyon 298 min 839 manat məbləğində cərimə tətbiq olunub.
Qeyd edilib ki, torpaq qanunvericiliyinin pozulması hallarına yol verilməməsi üçün həm də yerli icra nümayəndələri, bələdiyyələr və ictimaiyyət, o cümlədən fiziki və hüquqi şəxslər mütəmadi olaraq maarifləndirilməlidir.
İşgüzar forumda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.