“Vikipediya”nın xarici dil bölməsində Azərbaycan xalçaları haqqında məqalələr yaradılıb
Bakı, 31 iyul, AZƏRTAC
“Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və klubun eksperti Ayxan Zayıdzadə tərəfindən məqalələrin yaradılması prosesi davam etdirilir. Belə ki, onlayn ensiklopediyanın xarici dil bölmələrində Azərbaycanla bağlı yeni məqalələr yaradılıb və redaktə olunub. Eyni zamanda, Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri, elm, təhsil, mədəniyyət və siyasət sahəsində fəaliyyət göstərmiş şəxslər haqqında müxtəlif dillərdə onlarla məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, könüllülər tərəfindən “Vikipediya”da Əlibəyovların evi haqqında rus, Şəddə-xovsuz xalçalar qrupuna aid olan xalça, Baxşayış, Borçalı xalçaları barədə isə ingilis dillərində məqalələr yaradılıb. Həmçinin antropoloq və yazıçı Fəridə Həyat, Xəlil Rza Ulutürk, Bərdəyə raket hücumları, Alxanlı faciəsi, Bərdənin bombalanması haqqında türk, özbək, ispan, portuqal dillərində məqalələr yaradılaraq onlayn ensiklopediyada yerləşdirilib.
Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.