® “Karabakh Horses” klubu kiber idman üzrə Millətlər Kubokunda mübarizəyə başlayır
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycanın “Karabakh Horses” kiber idman komandası Avropa Millətlər Kuboku uğrunda mübarizəyə başlayır. “Counter-Strike: Global Offensive” (CS:GO) üzrə keçiriləcək beynəlxalq yarış avqustun 23-də start götürəcək.
AZƏRTAC xəbər verir ki, nüfuzlu turnir Avropa E-İdman Federasiyası (European Esports Federation) tərəfindən keçirilir.
Xatırladaq ki, “Karabakh Horses” Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kiber İdman Federasiyasının təşkilatçılığı, “Gaming League Azerbaijan”ın (GLA) texniki tərəfdaşlığı ilə baş tutan milli seçim turnirinin qalib olduğu üçün Avropa Millətlər Kubokunda iştirak hüququ qazanıb.
Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.
Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə təsis olunan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.