® Triatlon üzrə dünya çempionatının ilk azərbaycanlı iştirakçısı
Bakı, 16 avqust, AZƏRTAC
Yarım əsrdir keçirilən “Ironman” (dəmir adam) - triatlon üzrə builki dünya çempionatı Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq. Dünya çempionatına qatılan idmançılar il ərzində təşkil olunan digər beynəlxalq yarışlarda göstərdikləri nəticələrə əsasən çempionata vəsiqə qazanırlar.
AZƏRTAC-a bildiriblər ki, ölkəmizi triatlon üzrə keçirilən “70.3 Ironman” dünya çempionatında ilk dəfə olaraq azərbaycanlı idmançı və iş adamı, “METAK” şirkətin direktoru Aydın Kərimov təmsil edəcək. “Ironman” uzun məsafəyə ən ağır tsiklik idman növü sayılır. “Ironman” üç qayda üzrə - 3,8 kilometr məsafədə açıq suda fasiləsiz üzmə, 180 kilometr məsafəyə veloyürüş və 42,2 kilometr məsafəyə qaçış yarışlarından ibarətdir. Orta hesabla belə məsafələr 10-15 saat ərzində qət edilir.
İlk zamanlar sağlamlıq üçün başladığı bu idman növünü zaman keçdikcə həyat tərzi dərəcəsinə çatdıran Aydın Kərimov üç ildir müxtəlif ölkələrdə təşkil olunan beynəlxalq yarışlara qatılaraq ölkəmizi təmsil edir.
Aydın Kərimov müsahiblərində dəfələrlə ailə, iş həyatı və idmanın bir arada idarə edilməsinin vaxt və fiziki baxımdan çətinliyini vurğulayıb. Buna baxmayaraq, o zamanın düzgün idarə edilməsi yolu ilə bu problemin həll oluna bildiyini qeyd edib.
İdmançılarımız Vətənimizin şərəfini Tokio Olimpiadasında qoruyarkən digər idmançılarımız da, başqa beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil ediblər. Estoniyada yenicə keçirilmiş “Ironman” yarışında 12 idmançımız, o cümlədən Aydın Kərimov ölkəmizi qürurla təmsil edib, uğurlu nəticələrlə Vətənə qayıdıblar.
Ölkəmizi bütün beynəlxalq yarışlarda qürurla təmsil edib bayrağımızı ucaldan hər bir idmançımıza uğurlar arzulayırıq!
https://www.instagram.com/aydin.karimov/