İDMAN
"Abşeron" voleybol klubunun baş məşqçisi: Avrokuboklarda tarix yazmaq istəyirik - MÜSAHİBƏ

Bakı, 12 fevral, AZƏRTAC
Qadın voleybolçulardan ibarət "Abşeron" komandasının baş məşqçisi Famil Ağayev AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- “Abşeron” Yüksək Liqada X turdan sonra 26 xalla turnir cədvəlinə başçılıq edir. Komandanın çıxışını necə şərh edərdiniz?
- Mövsümə uğurlu start vermək çox vacib idi. Komandam bunu bacardı. İndi liderliyimizi qorumağa çalışırıq. Hər bir komandanın eniş dövrü olur, biz də bunu yaşadıq. Lakin sonradan öz oyunumuzu oynamağa başladıq.
- “Abşeron” ötən mövsümlə müqayisədə güclənib. Necə düşünürsünüz, keçən illə müqayisədə nələri dəyişə bildiniz?
- Bəli, ötən illə müqayisə etsək, komanda dəyişib və güclənib. Bu il Azərbaycan millisində oynayan və vaxtilə həmin formanı geyinmiş voleybolçular transfer edildi.
- Komandanı tam olaraq formalaşdırdığınızı düşünürsünüz, yoxsa çatışmazlıqlar var?
- Kollektiv tam olaraq formalaşıb. Sadəcə, heyətə cəlb etmək istədiyimiz bir oyunçu ilə danışıqlar aparsaq da, transfer reallaşmadı. Əgər o da kollektivə qoşulsaydı, hər şey tam istədiyimiz kimi olardı.
- Hər mövsüm qızıl medallar uğurunda mübarizə aparan "Azərreyl" bu il istədiyi nəticələri qazana bilmir. Sizcə, bu amil digər komandalara sərf edirmi?
- "Azərreyl" mənim üçün doğma komandadır. Çünki məşqçilik karyerama orada başlamışam. İstərdim ki, onlar çempionluq uğrunda bizimlə mübarizə aparsınlar və finalda rəqibimiz olsunlar. Bu klub Azərbaycan voleybolunun flaqmanıdır. Amma "Azərreyl"in uğursuz çıxışı digər rəqiblərə sərf edir.
- Bu mövsüm Azərbaycanın heç bir klubu avrokuboklarda iştirak etmədi. Bu dəfə necə olacaq?
- İstəyirdim ki, "Abşeron" bu il avrokuboklarda iştirak etsin. Amma alınmadı. Növbəti mövsüm çempion olub, Azərbaycanı beynəlxalq arenada təmsil etmək planımız var. Komandamla avrokuboklarda tarix yazmaq istəyirəm.
- Sizcə, komanda sayının az olması çempionatın səviyyəsinə necə təsir göstərir?
- Təbii ki, çempionatda 6 yox, 8 və ya 10 klubun mübarizə aparmasını istərdim. Belədə liqa daha maraqlı olur. Azərbaycan Voleybol Federasiyasında bu istiqamətdə işlər aparılır. Qarşıdakı mövsümdə komanda sayının artırılması gözlənilir. Bildiyiniz kimi, limit olduğu üçün yerli gənc voleybolçulara da şərait yaradılır.
- Bu il çempion ola biləcəyinizi düşünürsünüz?
- Təbii ki, hədəfimiz çempionluqdur. Bunu zaman göstərəcək.