"Baku Guide" bələdçi kataloqunun ikinci nömrəsi çapdan çıxmışdır
Bakı, 5 may (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq hazırlanan "Baku Guide" bələdçi kataloqunun ikinci nömrəsi nəfis tərtibatda işıq üzü görüb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, "Bakı haqqında hər şey" ("All about Baku") konseptində hazırlanan nəşrin may buraxılışında da Azərbaycan, ingilis və rus dillərində rəngarəng materiallar yer almışdır.
Bələdçi kataloqunda Bakının küçə və meydanları, şəhərdə və şəhər ətrafında yerləşən görməli yerləri, tarixi məkanları, mədəniyyət ocaqları haqqında məlumatlar, ünvan və əlaqə telefonları, eləcə də paytaxtdakı teatr və konsert müəssisələrinin may ayı üçün geniş repertuarı əksini tapmışdır.
Nəşrin “Tanınmış insanların Bakı haqqında təəssüratları” bölməsində dünya şöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin fikirlərinə yer verilmişdir.
Turistlər üçün informasiya bölməsində ölkəmizə gələn qonaqlar üçün zəruri informasiyalar əksini tapmış, onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılmışdır.
Bələdçi kataloqunda, eyni zamanda, paytaxtımızın otel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, çağrı və müxtəlif məlumat mərkəzlərinin əlaqə nömrələri və s. yer almışdır.
Bələdçi kataloqu nəinki paytaxtımızın qonaqları, eləcə də şəhər sakinləri üçün də faydalı nəşr, dolğun məlumat mənbəyidir.