SİYASƏT
AAK İTALİYADA “HƏFTƏ SONU” MƏKTƏBİ AÇACAQDIR
AZƏRTAC xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresi (AAK) İtaliyada yaşayan azərbaycanlı uşaqlar üçün “Həftə sonu” məktəbi açacaqdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, belə bir təklif AAK-ın prezidenti Natiq Ağamirovun İtaliyaya səfəri zamanı bu ölkədə yaşayan soydaşlarımızla görüşündə irəli sürülmüşdür. N.Ağamirov təklifin reallaşması, soydaşlarımızın ana dilini mənimsəməsi, milli mənəvi dəyərlərimizə bağlılığının qorunub saxlanılması üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirmişdir.
Görüşdə iştirak edən Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov “Həftə sonu” məktəbinin açılmasına hər cür kömək göstərəcəklərini demişdir.
Görüşdə bu ölkədəki Azərbaycan diasporunun qarşısında duran vəzifələr, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinin diqqətinə çatdırılması məsələləri ətrafında da müzakirələr aparılmışdır.