SİYASƏT
ABŞ AZƏRBAYCANLILARI PREZİDENT SEÇKİLƏRİNDƏ RESPUBLİKAÇI NAMİZƏD CON MAKKEYNİ DƏSTƏKLƏYƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Birləşmiş Ştatların 400 minlik azərbaycanlı icması noyabrda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Con MakKeyni dəstəkləmək niyyətindədir. Bu haqda “ABŞ Azərbaycanları Şəbəkəsi”nin yaydığı məlumatda bildirilir.
Təşkilatın İcraçı Şurası 2008-ci ildəki prezident seçkilərinə namizədlərin siyasi platforması ilə tanışlıqdan sonra senator MakKeynə üstünlük vermişdir. Soydaşlarımız onun namizədliyini bir neçə səbəbə görə öz maraqlarına uyğun hesab edirlər. Senator MakKeynin beynəlxalq münasibətlər, enerji və hərbi təhlükəsizlik məsələlərində kifayət qədər təcrübə və səriştəyə malik olması, Cənubi Qafqaz, Xəzər hövzəsi və ümumən sabiq sovet məkanı ilə yaxından tanışlığı, Dağlıq Qarabağ problemi kimi etnik-ərazi münaqişələrinin həllində beynəlxalq hüquq normalarına üstünlük verməsi, habelə Birləşmiş Ştatların maraqlarını ayrı-ayrı lobbiçi qrupların maraqlarına güzəştə getməməsi ABŞ azərbaycanlılarının seçimini şərtləndirmişdir.
ABŞ-ın azərbaycanlı icması “Con MakKeynin seçilməsi üçün köməyə hazır olduğunu bildirir və milyonlarla amerikalının da qoşulduğu bu kampaniyada məqsədə çatmaq üçün əlindən gələni etməyi” planlaşdırır.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizədlər ilin əvvəlindən bir neçə ştatda keçirilən ilkin seçkilərdə özlərini sınadıqdan sonra mübarizəni Demokratlar Partiyasından üç, respublikaçılardan isə beş namizəd davam etdirir. Onların arasında praymarizlərdə ən çox səs toplayanlar demokrat senator Hillari Klinton və onun respublikaçı həmkarı Con MakKeyndir. Senator MakKeyn 1986-cı ildən Konqresdə Arizona ştatını təmsil edir. O, 2000-ci il seçkilərində də namizədliyini irəli sürmüşdü.