ABŞ Çinin 30-dan çox texnologiya şirkətinə sanksiya tətbiq edəcək
Bakı, 14 dekabr, AZƏRTAC
ABŞ bu həftə Çinin 30-dan çox texnologiya şirkətinə, o cümlədən ölkənin ən böyük yaddaş mikrosxemi istehsalçısı olan YMTC kompaniyasına qarşı sanksiya tətbiq edəcək.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, həmin kompaniyalar ABŞ Ticarət Nazirliyinin xüsusi ixrac icazəsi olmadan Amerika yarımkeçiricilərini və mikrosxemlərin istehsalı üçün avadanlıqları ala bilməyəcək.
Cozef Bayden administrasiyasının bu addımı Çin və Amerika arasında texnologiya münaqişəsinin daha da kəskinləşməsindən xəbər verir. Oktyabr ayında ABŞ ticarət departamenti Çinin 28 texnologiya kompaniyasının ABŞ istehsalı olan yarımkeçiricilərə çıxışını məhdudlaşdırmışdı.
Birləşmiş Ştatların ticarət naziri Cina Raymondo bildirib ki, Vaşinqtonun məqsədi Çinin iqtisadi artımını ləngitmək deyil, onun hərbi imkanlarını inkişaf etdirmək üçün Amerika texnologiyasından istifadəsinin qarşısını almaqdır. Onun sözlərinə görə, məhdudiyyətlər yalnız ən son texnoloji nailiyyətlərə aiddir və standart mikrosxemlərin yayılmasına nəzarət etmək mənasızdır.
Pekin isə öz növbəsində Birləşmiş Ştatların formalaşmaqda olan iqtisadiyyatların inkişafını ləngitmək üçün texnoloji üstünlüyündən istifadə etdiyini düşünür və hesab edir ki, Vaşinqtonun elmi-texnoloji hegemonluğu qlobal təchizatı və sənaye zəncirini poza bilər.