ABŞ-da insana ikinci dəfə donuz ürəyi köçürülüb
Bakı, 25 sentyabr, AZƏRTAC
ABŞ-ın Merilend Universitetində insana ikinci dəfədir ki, geni dəyişdirilmiş donuz ürəyi transplantasiya edilib.
AZƏRTAC Deutsche Welle radiosuna istinadla xəbər verir ki, bundan öncəki pasiyent donuz ürəyi ilə iki ay yaşaya bilib.
Merilend Universiteti Tibb Mərkəzinin mütəxəssisləri insana donuz ürəyinin transplantasiyası üzrə tarixdə ikinci əməliyyatı uğurla həyata keçirib. Əməliyyatdan sonra Hərbi Dəniz Qüvvələrinin 58 yaşlı veteranı Lourens Fosettə köçürülən ürək hər hansı bir xarici qurğu qoşulmadan normal işləməyə başlayıb və pasiyent sərbəst nəfəs ala bilib.
Lourens Fosett əvvəllər keçirdiyi ürək-damar xəstəliyi və daxili qanaxma ilə bağlı ağırlaşma səbəbindən insan ürəyi transplantasiyasına yararlı olmayıb. O, əməliyyatdan sonra orqanizminin donor orqanına uyğunlaşması üçün xüsusi preparatlar qəbul edir.
Bundan öncəki analoji əməliyyat 2022-ci ildə də həmin tibb mərkəzində aparılıb. Donuz ürəyi köçürülən 57 yaşlı pasiyent iki aydan sonra həyatını itirib.
Geni dəyişdirilmiş heyvan orqanlarının insanlara köçürülməsi donor orqanı çatışmazlığı problemini həll etməyə yönəlib. Hazırda təkcə Birləşmiş Ştatlarda orqan transplantasiyası növbəsinə dayananların sayı 100 mini ötüb. Bir müddət öncə Nyu-York Universiteti nəzdində fəaliyyət göstərən Lanqon Tibb Mərkəzində beyin ölümü diaqnozu ilə daxil olan pasiyentə donuzun qaraciyəri köçürülmüşdü. Heyvan orqanı insan orqanizmində rekord müddətdə - 61 gün işləmişdi.