DÜNYA
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Bakı, 28 sentyabr, AZƏRTAC
ABŞ-ın Maliyyə Nazirliyi İran, Çin, Honkonq və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan 5 müəssisəyə və iki şəxsə sanksiya tətbiq edib.
AZƏRTAC ABŞ Maliyyə Nazirliyinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, adları sanksiyalar siyahısına əlavə edilən müəssisələr və şəxslər İrana pilotsuz uçuş aparatı (PUA) istehsalında yardım ediblər. İrana “Şahid” PUA-sı istehsal etmək üçün cihazlar satan bu şəxs və müəssisələrin ABŞ-dakı hesabları dondurulacaq, onların Amerika ərazisinə daxil olmaları qadağan edilib.
Qeyd olunub ki, İran Ukraynada müharibəni davam etdirmək üçün Rusiyaya “Şahid” PUA-ları verir ki, onlar da dağıntılara və insanların ölümünə səbəb olur.
ABŞ Maliyyə Nazirliyi bildirir ki, Ukrayna səmasında vurulan PUA-ların hissələrinin analizi nəticəsində müəssisələr müəyyən edilib. Vurğulanıb ki, Honkonqda fəaliyyət göstərən “Hongkong Himark” müəssisəsi İranın “Pishgam Electronic Safeh” şirkətinə PUA istehsalı üçün lazımi cihazlar satıb. Bu şirkətlərin Çin və BƏƏ fəaliyyət göstərən müəssisələrlə əlaqələri var.
Xatırladaq ki, ötən həftə Ukrayna üzərində vurulan PUA-larda Avropa istehsalı olan elementlər tapılıb. Rəsmi Kiyev bu barədə ABŞ və Avropa İttifaqı dövlətlərinə məlumat verib. ABŞ Maliyyə Nazirliyi bu məsələyə də aydınlıq gətirərək bildirib ki, həmin elementlər kommersiya yolu ilə sanksiyalardan yayındırılaraq satılıb. Məsələ araşdırılır.