ABŞ KOALİSİYAYA ÜZV DÖVLƏTLƏRİN DƏSTƏYİNDƏN RAZIDIR
ABŞ prezidenti Corc Buş martın 20-də Ağ evdə kabinet üzvləri ilə müzakirələrdən sonra jurnalistlərə demişdir: “Artıq bizim səylərimizi koalisiyada 40-dan çox üzv dövlət dəstəkləyir. Biz onlara qətiyyətə, uzaqgörənliyə görə minnətdarıq və dəstəklərini alqışlayırıq”.
Ağ evin başçısı qeyd etmişdir ki, “İraq azadlığı” əməliyyatına qoşulan dövlətlərin yardımı müxtəlifdir. Bu, bilavasitə hərbi qüvvələrin bölgəyə göndərilməsindən tutmuş, ölkələrin hava məkanından istifadə icazəsi və humanitar yardımadək məsələləri əhatə edir.
AZƏRTAC-ın xüsusi müxbirinin “Azərbaycanın bu məsələdə mövqeyi barədə nə deyə bilərdiniz” sualına ölkəmizin Vaşinqtondakı səfiri Hafiz Paşayev cavab verərək demişdir ki, koalisiya siyahısına ilk gündən daxil olan və adının açıqlanmasından çəkinməyən dövlətlərdən biri də Azərbaycandır. Ölkəmiz, “İraq azadlığı” əməliyyatında iştirakçı hava qüvvələrinə öz hava məkanından istifadə icazəsi, hava limanlarında yanacaq doldurmaq imkanları verib. Azərbaycan hərbi əməliyyatlar bitdikdən sonra İraqın bərpasında humanitar tədbirlərdə də iştirak edəcəkdir.
Azərbaycan hökuməti bəyanatında İraqı BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri yerinə yetirməyə, kütləvi qırğın silahlarını ləğv etməyə çağırmışdır. Təəssüf ki, diplomatik səylər nəticəsiz qaldı və hərbi üsula əl atıldı. Azərbaycan Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadıqda hansı nəticələr verdiyini öz təcrübəsindən bilir. Dağlıq Qarabağ probleminə dair BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnamə yerinə yetirilmiş olsaydı, Ermənistan-Azərbacan münaqişəsi bu qədər uzun sürməzdi. Onu da qeyd edim ki, İraqda vəziyyətin sabitləşməsi və demokratik yolla ölkənin inkişafının təmin edilməsi gələcəkdə Təhlükəsizlik Şurasının nüfuzunu artıra bilər.
Son günlər səfirliyin işi gərginləşib. Hadisələri yaxından izləyib məlumatları Bakıya çatdırmaqla yanaşı, gün ərzində əməkdaşlarımız yerli və xarici mətbuat nümayəndələrinə Azərbaycanın koalisiyadakı rolunu şərh edirlər.
Bu arada adi amerikalılar səfirliyə məktublar göndərib çətin məqamda ABŞ-la birgə dayanan Azərbaycana təşəkkürünü bildirirlər.
Məktubların birində Cef Rozenberi yazır: “Bilirəm ki, hazırda ölkəniz üçün narahat vaxtdır. Amerikaya qeyd-şərtsiz dəstək təklif etmək o qədər də populyar mövqe deyil. Dövlətinizin və xalqınızın ehtiyacımız olan vaxtda bizimlə birgə dayanması təqdirə layiqdir. Mən rəsmi Amerikanı təmsil etməsəm də, inanıram ki, sizin addımınızı həmvətənlərim unutmayacaqlar”.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton