ABŞ qəzeti Azərbaycan diplomatının Ermənistanın dezinformasiya cəhdləri ilə bağlı məqaləsini yayıb
Vaşinqton, 19 may, AZƏRTAC
ABŞ-ın “Daily Caller” qəzetinin 19 may tarixli nömrəsində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Ermənistan-Azərbaycan münaqişəsi: məkrli təbliğatın rolu” adlı məqaləsi dərc olunub. Məqalədə Ermənistanın və erməni lobbisinin dezinformasiya və ictimaiyyəti yanıltma fəaliyyətlərindən bəhs edilir.
Aprel ayının əvvəllərində Ermənistan ordusunun Azərbaycana qarşı törətdiyi silahlı təxribata diqqət çəkən diplomat münaqişənin həllində davamlı sülhə nail olmaq üçün dezinformasiya və məkrli təbliğat cəhdlərinin yolverilməz olduğunu vurğulayır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığını bildirən baş konsul qeyd edir ki, münaqişənin başlanğıcından bu günə qədər Ermənistan və ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılan əsassız iddialar, o cümlədən beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış miflər Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə ciddi şəkildə mane olur.
Bu səpkidə, diplomat konkret faktlara istinadən, ermənipərəst iddiaların əsassızlığını aydın şəkildə göstərən məqamları diqqətə çatdırır. N.Ağayev bildirir ki, hər nə qədər erməni təbliğatçıları dünyanın müxtəlif yerlərində artmaqda olan islamofobiyadan istifadə edərək Ermənistan-Azərbaycan münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışsalar da, bunlar Azərbaycan reallığını qətiyyən əks etdirmir. Müəllif Azərbaycanda müxtəlif dinlər və xalqlar arasında qədim dövrlərdən indiyə qədər qarşılıqlı etimad və qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayır, dünyəvi prinsiplər əsasında təsis edilmiş respublikamızda müsəlman, xristian, yəhudi və digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından bəhs edir.
Eyni zamanda, baş konsul Qarabağın əzəli Azərbaycan torpağı olmasını, bölgədəki erməni azlığının sayının XIX əsrdə ermənilərin Yaxın Şərqdən buraya kütləvi köçürülmələri nəticəsində süni şəkildə artırılmasını tarixi faktlarla diqqətə çatdırır. Həmçinin diplomat bildirir ki, bu ərazilər erməni təbliğatının təlqin etdiyi kimi, qondarma “Dağlıq Qarabağın özünümüdafiə qüvvələri” tərəfindən deyil, məhz Ermənistan tərəfindən işğal olunub. Bu səpkidə baş konsul 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov Ermənistan əleyhinə” işinə dair qərarından söz açır və əlavə edir ki, bu qərar Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılığı sübuta yetirən önəmli beynəlxalq hüquqi sənəddir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton