Abşeron rayonunda ekoloji qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanıb
Bakı, 5 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən istixana tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin ərazidə fəaliyyət göstərən istixananın qazanxanasında baş verən nasazlıq səbəbindən atmosfer havasına qara tüstünün atıldığı müəyyənləşib.
Faktla bağlı qazanxanaya cavabdeh Ramil Bəkirov barəsində protokol tərtib edilib. O, İnzibati Xətalar Məcəlləsinə əsasən 800 manat məbləğində cərimələnib. Belə halların bir daha təkrarlanmaması üçün cavabdehə icrası məcburi olan “məcburi göstəriş” verilib.