Abşeron rayonunda silahlı narkotacir tutularaq cinayət məsuliyyətinə cəlb olunub VİDEO
Bakı, 10 yanvar, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş şəxs - Masazır qəsəbəsində yaşayan Sərdar Talıbov tutulub.
Onun üzərinə baxış zamanı “Naqan” tipli tapança, 2 patron və marixuana aşkar olunub. Araşdırma zamanı həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər məhkum edildiyi müəyyənləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.