Adil Axundov: Drift edərkən instinktlərimə güvənirəm
Bakı, 15 noyabr, Xəyalə Cəfərova, AZƏRTAC
İlk dəfə drift edərkən qorxu hiss etdim. Zamanla bu hissim ikinci plana keçdi. Manevrlər zamanı yalnız instinktlərimə güvənirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda ilk dəfə təşkil olunan “Red Bull Car Park Drift” çempionatının qalibi olan Adil Axundov deyib. O, Azərbaycanı ən həyəcanlı drift yarışının dünya finalında təmsil edəcək.
A.Axundov 1987-ci ildə Bakıda anadan olub. O, 200 nömrəli Məktəb Lisey Kompleksindən məzun olduqdan sonra Xəzər Universitetində bakalavr təhsili alıb. Daha sonra bilik və bacarıqlarını artırmaq, dünyagörüşünü genişləndirmək məqsədi ilə Kaliforniya Dövlət Universitetinə yollanan A.Axundov vurğulayıb ki, Azərbaycana olan sevgim məni yenidən Vətənə döndürdü: “Bakıya gəldikdən sonra avtomobil biznesi ilə məşğul olmağa başladım. 15 ildir bu sahədəyəm. İlk vaxtlardan peşəkar avtoidmanla məşğul olmağa başladım. Driftə gedən ilk addımlarım kartinqdən başladı”.
A.Axundov Dubayda fəaliyyət göstərən “Prodrift Academy”ə yollanaraq bu idman növünü dərindən mənimsəməyə başlayıb: “Prodrift Academy”də testlərdən uğurla keçərək məzun oldum. Akademiya mənə çox yaxşı təcrübə qazandırdı. Əldə etdiyim bacarığı Bakıda driftsevərlərlə bölüşdüm. Bundan sonra olan bütün nailiyyətlərim “BMW CLUB”un təşkil etdiyi drift şousu ilə başladı”.
Oktyabrın 16-da Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə ilk dəfə paytaxtımızda keçirilən “Red Bull Car Park Drift” yarışında qazandığı uğura toxunan A.Axundov deyib: “Ən uzun drift edərək “Ginnesin rekordlar kitabı”na adını yazdırmış Abdo Feqalinin Bakıya gəlişi 16 iştirakçı üçün böyük hadisə idi. O, həm insan, həm də idman ustası kimi driftçilərə tövsiyələrini verdi. Ondan sonra “Car Park Drift”in əsl mahiyyətini anladıq. Bundan əvvəl avqustda “Red Bull Car Park Drift” yarışının hazırkı iştirakçıları dünyaşöhrətli livanlı driftçi A.Feqalidən ustad dərsləri də keçmişdi”.
Müsahibimizin bu sözlərindən sonra onunla birlikdə trekə yollandıq. Maşını görər-görməz A.Axundov bunları söyləyib: “Red Bull Car Park Drift”də ən çətin tapşırıq boksda heç bir hissəyə toxunmadan keçmək idi. Yüksək sürətlə boksa doğru giriş etməsəm faciə yaşana bilərdi...”.
Dekabrın 8-də Səudiyyə Ərəbistanında keçiriləcək “Red Bull Car Park Drift”in dünya finalına hazıraşdığını bildirən A.Axundov bildirib ki, sadəcə bir təlim 500-1000 manat arası qiymətləndirilir. Həftədə bir dəfə gəlib məşq edirəm. Dekabrın 5-dən Səudiyyə Ərəbistanında üçgünlük təlim-məşqə başlayacağam. Mən orada yeni avtomobillə çıxış edəcəyəm. Ümid edirəm ki, ilk dördlüyə adımı yazdırmağı bacaracağam.