Adil Qəribov: Yaxın günlərdə kağız məmulatlarının sterilizasiyasına başlanılacaq
Bakı, 13 mart, AZƏRTAC
2014-cü il mayın 8-də yaradılan Milli Nüvə Tədqiqatları Mərkəzi kompleksində iqtisadiyyatın bir çox sahələrinə aid istənilən xarakterli işlər aparmaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Adil Qəribov deyib.
Onun sözlərinə görə, mərkəzin yaradılmasında əsas məqsəd nüvə enerjisindən və texnologiyasından dinc məqsədlərlə səmərəli istifadə edilməsidir. Mərkəz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılmaqla bu sahədə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə icraçı bir qurum kimi fəaliyyət göstərir.
A.Qəribov qeyd edib ki, kompleksdə sterilizasiya və şüalanma ilə bağlı əsasən böyük keçirmə qabiliyyətinə malik qamma şüalar tətbiq olunur. Qamma şüalanma müasir dünyada geniş yayılıb. Təqribən 50 ölkədə qamma şüalanma kompleksləri var: “Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksindəki qurğular vasitəsilə tibbi ləvazimatlar, birdəfəlik şprislər, cərrahiyyə materialları və dərmanların sterilizasiyasını aparmaq olar. Hərbi məqsədlərlə saxlanılan kartof və soğanlar sterilizasiya edildikdən sonra uzun müddət saxlanıla bilər. Qurğu, həmçinin müxtəlif texniki materialların xassələrinin uzunömürlülüyünə də imkan verir. Qurğudan mədəni irsimizin saxlanılması sahəsində də istifadə olunması mümkündür”.
QSC sədri bildirib ki, Macarıstanda hazırlanmış qurğunun gücü 300 min küri aktivlikdədir. Onun üzərində ilkin test təcrübələri aparılıb. İlkin olaraq isə Milli Nüvə Tədqiqatlar Mərkəzi tərəfindən xüsusi məqsədlərlə istifadə edilən kağız məmulatlarının sterilizasiyası barədə müqavilə imzalanıb. Yaxın günlərdə sözügedən məmulatların sterilizasiyasına başlanılacaq.