ADU-da “Xocalı soyqırımı erməni vəhşiliyinin ən bariz nümunəsidir” mövzusunda konfrans keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı erməni vəhşiliyinin ən bariz nümunəsidir” mövzusunda konfrans keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ADU-nun rektoru, professor Səməd Seyidov XX əsrin ən dəhşətli cinayəti olan Xocalı faciəsinin səbəblərindən və ağır nəticələrindən, ermənilərin terrorçu dəstələrinin əsrlər boyu “böyük Ermənistan” yaratmaq xülyası ilə xalqımıza qarşı apardıqları düşmənçilik və sui-qəsd siyasətindən danışmışdır. S.Seyidov tarixdə analoqu olmayan Xocalı qətliamının yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə çatdırılması istiqamətində qəti addımlar atıldığını xatırlatmışdır.
Hazırda Xocalı qətliamı ilə bağlı məlumatların beynəlxalq aləmə çatdırılması sahəsində görülən işlərdən danışan rektor haqq səsimizin bütün dünyada eşidilməsi üçün hər bir azərbaycanlının fəallıq göstərməsinin zəruriliyini vurğulamış, həmvətənlərimizin bu yöndə səfərbər olmasının, torpaqlarımızın azad olunmasında Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyimizin vacibliyini diqqətə çatdırmışdır.
Konfransda “Xocalı soyqırımını unutmaq olmaz”, “Xocalı soyqırımını dünya gənclərinə tanıtdırmalıyıq”, “Xocalı hadisələri Azərbaycan tarixinin ən qanlı səhifəsidir” mövzusunda məruzələr dinlənilmişdir. Natiqlər ermənilərin əsrlər boyu xalqımıza qarşı düşmənçilik siyasəti aparmasından, bu cür qanlı hadisələri törədərkən insanlığa zidd bütün çirkin vasitələrdən istifadə etdiklərindən danışmışlar.
Tədbirdə erməni vəhşiliyini əks etdirən fotoşəkillərdən ibarət slayd nümayiş etdirilmişdir.