AFFA İCRAİYYƏ KOMİTƏSİ BİR SIRA MÜHÜM QƏRARLAR ÇIXARDI
Bakı, 14 avqust (AZƏRTAC). Avqustun 14-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilmişdir. İclasda əsas maraq doğuran qərarlardan biri legioner limiti ilə bağlı olmuşdur.
Belə ki, 2010-2011-ci il mövsümündən başlayaraq legioner limiti 8 (legioner futbolçu) + 3 (yerli futbolçu) sistemi ilə tətbiq olunacaqdır. Yəni, hər klub oyun zamanı meydana 8 xarici futbolçu ilə çıxmaq imkanına malikdir. Digər 3 oyunçu isə yerli futbolçulardan ibarət olmalıdır.
Daha bir maraqlı qərar birinci liqa ilə bağlıdır. Birinci liqada qalib olmuş komanda 100 min, ikinci yeri tutan klub isə 70 min manat məbləğində pul mükafatına sahib olacaqdır.
İclasda 13 və 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ölkə çempionatı təsis olunmuşdur. Bu məqsədlə U-13 və U-15 liqasının, habelə, tələbə liqasının yaradılması qərara alınmışdır.
Tədbirdə AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elxan Məmmədovun UEFA-nın və AFFA-nın daxili çempionatla bağlı lisenziyalaşdırma hesabatı dinlənilmişdir. “Standard” klubuna müvafiq sənədləri təqdim etmək üçün sentyabrın 10-dək vaxt verilmişdir.
Bundan əlavə, 16 yaşadək futbolçu çıxış etdiyi klubu və ya futbol məktəbini dəyişərsə, həmin uşağın məşqçisinə minimum 1000 manat məbləğində təzminat ödənilməsi qərara alınmışdır.
Digər bir qərarla Tofiq Fətullayev və Yaşar Şəmilova isə AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq təqaüd veriləcəkdir.