Ağasəlim Mircavadov: “Qarabağ”ın qrup mərhələsinə yüksələcəyinə əvvəldən inanırdım
Bakı, 26 avqust, AZƏRTAC
Millimizin yaxşı formada olması klubların hazırlığından asılıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan millisinin sentyabrın 9-da Belçikaya qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunu, avqustun 12-də isə İordaniya ilə oynayacağı yoldaşlıq matçları barədə danışarkən deyib.
Yığmamızın sabiq baş məşqçisinin sözlərinə görə, oyunçular qısa zamanda ideal formaya düşməlidirlər ki, qələbə qazana bilsinlər: “Qalib gəlmək üçün hər zaman şans var. Amma bunun üçün meydanda sonadək vuruşmalısan. Mübarizə hissi yüksək olsa, nəticə də gələcək”.
“Qarabağ”ın UEFA Avropa Liqasında qrupa düşmək şanslarını da dəyərləndirən 76 yaşlı mütəxəssis buna əvvəldən inandığını söyləyib: “Ağdam klubunun uğurlu nəticələrinin əsas səbəbi futbolçuların daim hazırlıqlı olması və baş məşqçi amilidir. Komandamız Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa “Rakuv”una uduzanda çox məyus oldum. Çünki “Qarabağ” həm oyuna, həm də futbolçuların keyfiyyətinə görə rəqibdən üstün idi. Lakin polşalılar Azərbaycan təmsilçisinin kiçik səhvlərindən istifadə edib qələbə qazana bildi. Bu səhvlər olmasaydı, “Qarabağ” Çempionlar Liqasında qrupa düşə bilərdi. İndi isə Avropa Liqasında bunu reallaşdırmaq üçün yaxşı fürsət var. İnanıram ki, “Olimpiya” ilə ilk oyundakı 2:0 hesablı üstünlüyü evdə də qoruyub qrup mərhələsinə vəsiqə qazanacaqlar”.
Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Olimpiya” görüşü saat 20:00-da başlayacaq.