REGİONLAR
AĞDAŞ PAMBIQÇILARI BU MÖVSÜMDƏ 2500 TON MƏHSUL İSTEHSAL ETMƏK ƏZMİNDƏDİRLƏR
Ağdaş rayonunda hazırda 46 fermer təsərrüfatı və 264 fiziki şəxs pambıqçılıqla məşğuldur. Onlar bu il 2006 hektar sahədə məhsul yetişdirmişlər. Ağır zəhmət bahasına başa gələn məhsulun tez və itkisiz yığılması üçün ciddi səy göstərilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, pambıqçılar indiyədək 700 ton ağ qızıl toplamışlar. Yığılan məhsul “Ağdaş-pambıq” ATSC-yə və “Şəki-ipək” ASC-yə təhvil verilir. Ağzıbir, Kotavan, Xınaxlı, Abad və bir sıra digər kəndlərində kampaniya daha mütəşəkkil keçir. Mütəxəssislərin qənaətinə görə, ağdaşlılar cari mövsümdə 2500 tonadək pambıq yığa biləcəklər.