AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ağdaşdakı “Fədai” şadlıq sarayında 1 Oktyabr – Ahıllar günü münasibətilə geniş tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə 60 nəfərə yaxın ağsaqqal və ağbirçək, bir sıra idarə və təşkilatların, gənclərin nümayəndələri iştirak etmişlər. Əhalinin sosial müdafiə mərkəzinin direktoru Hənifə Yusifova, rayon icra hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov ahılları təbrik etmiş, qayğıya daha çox ehtiyacı olan insanlara göstərilən diqqətdən, bununla əlaqədar görülən işlərdən danışmışlar.
Müharibə veteranı Akif Əfəndiyev, qocaman müəllim Müslüm Əliyev və başqaları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmiş, son illər Azərbaycanda, o cümlədən Ağdaşda aparılan geniş tikinti-quruculuq işlərindən, insanların sosial həyatının yaxşılaşdırılması ilə əlaqədar həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildirmişlər.
Tədbirdə ahıllara rayon icra hakimiyyəti adından hədiyyələr verilmişdir.
Sonda rayon musiqiçilərinin ifasında konsert olmuşdur.