Ağstafa rayonunda 122 millimetrlik 9M22U raketi aşkarlanıb
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 19-da saat 09:47-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Bakı-Qazax yolunun Qarabağ məhəlləsində yolun kənarında mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Ağstafa Rayon Polis Şöbəsinin və mərkəzi rayon xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik 9M22U raketi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin tapıldığı yerin ətrafında 500 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.